Layihənin adı:

Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün maddi-məişət şəraitinin yoxlanılmasının süni zəkaya əsaslanan həlli yolu

Qısa icmal Aztəminatlı ailələrin sosial ödənişlərlə ünvanlı şəkildə təmin edilməsi məsələsi hər bir cəmiyyətin prioritet hədəflərindəndir. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ili ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi-sosial islahatlar çərçivəsində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, aşağıgəlirli əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupların sosial risklərinin minimuma endirilməsi, eləcə də sosial idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda 2006-cı ildən etibarən müəyyən şərtlərlə dövlət tərəfindən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı (bundan sonra – ÜDSY) adlanan pul yardımının təyinatına və ödənilməsinə başlanılmışdır. Qanunvericiliyə əsasən, ÜDSY hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. ÜDSY dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir və ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə nağdsız qaydada ödənilir. Uğurla icra olunan və sosial siyasətdə ünvanlılıq, ədalətlilik və bərabərlik prinsiplərinin əsas göstəricisi olan ÜDSY-nin alınması ilə bağlı istər kağız üzərindən, istərsə də elektron müraciətlərin qəbulu “bir pəncərə” prinsipi əsasında həyata keçirilir və mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) Maddi Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının (bundan sonra – Mərkəzi Filial) sosial yardım üzrə işçisi tərəfindən müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə ailənin təmsilçisinin iştirakı olmaqla video, fotoçəkilişi və səs yazısı əsasında ailənin maddi-məişət şəraitinin müayinəsini yerində həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində mərkəzləşdirilmiş informasiya sistemində ÜDSY üzrə Vahid Elektron Müraciət və Təyinat Altsisteminə (bundan sonra – VEMTAS) ötürürdü. VEMTAS tərəfindən ÜDSY-nin təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır və avtomatik qaydada aylıq ödənişə başlanılırdı. ÜDSY-nin təyinatı ilə bağlı qeyd edilən uğurlu yanaşmaya baxmayaraq, postpandemiya dövründə ÜDSY-nin təyin olunması üçün maddi-məişət şəraitinin yoxlanılmasının mərkəzləşdirilmiş şəkildə daha qərəzsiz, operativ, şəffaf və xərclərin azaldılması yolu ilə idarə edilməsi məqsədilə süni zəkaya əsaslanan yüksək texnoloji məhsul kimi yeni veb-tətbiq işə salındı. ÜDSY-nin təyinatı ilə bağlı dünya təcrübəsində ilk dəfə olaraq tətbiq olunan bu sistem vasitəsilə ÜDSY üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin (bundan sonra – müayinə) süni zəkaya əsaslanan avtomatlaşdırılmış təşkili, müayinə prosesində mövcud olan problem və çətinliklərin aradan qaldırılması, müayinə ilə bağlı məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, prosesin həyata keçirilməsində təkrarlığın aradan qaldırılması, şəffaflığın əldə olunması və bu sahədə idarəetmənin çevikliyinin, eləcə də vətəndaşların sosial təminat sahəsində rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsinin sürətləndirilməsinə şərait yaratdı. Tətbiqin ən böyük nailiyyətlərdən biri isə “insan mühiti”ndən “rəqəmsal mühit”ə transformasiyanın təmin edilməsi oldu. Məsələ və ya problem 2020-ci ildə Fondun fəaliyyəti publik hüquqi şəxs qismində təsis edildikdən sonra sosial təminat idarəçiliyinin mərkəzləşdirilməsi çərçivəsində vətəndaşların maddi rifahına və məmnunluğuna xidmət edən genişmiqyaslı sosial islahatlara başlanıldı. Lakin ÜDSY-nin təyin edilməsinin əsas komponenti sayılan ailənin maddi-məişət şəraitinin müayinəsi prosesində bəzi hallarda koordinasiya problemləri və bir sıra inzibati çətinliklər mövcüd olaraq qalırdı. Bunlara, əsasən, aşağıdakılar daxil idi: • korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan halların mövcud olması; • müayinənin səyyar formada vaxtında həyata keçirilməməsi səbəbindən yardıma ehtiyacı olan ailələrin ÜDSY almaq hüququndan məhrum olması; • xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməməsi; • müayinəni həyata keçirən əməkdaşlar tərəfindən bir sıra hallarda həqiqəti əks etdirməyən məlumatların təqdim edilməsi səbəbindən sosial yardımın ünvanlılığının pozulması; • müayinə zamanı aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsiplərinə bir sıra hallarda riayət olunmaması; • müayinə prosesinin real vaxt rejimində izlənilə bilməməsi; nəzarət mexanizminin, eləcə də müayinə üçün yetərli texniki bazanın mövcud olmaması; • bir sıra hallarda vətəndaş müraciətlərinin baxılmamış saxlanılması və ya qismən təmin edilməsi; • birbaşa vətəndaş-məmur ünsiyyətinin mövcud olması; • bir sıra məlumatlar üzrə unikallığın və konfidensiallığın pozulması; • iş prosesində insan amilindən geniş istifadə olunması:  müayinənin təşkilində, işçilər arasında iş bölgüsünün həyata keçirilməsində, sənədləşmə işlərinin aparılmasında, hesabatların hazırlanmasında insan əməyindən istifadə olunması;  ən böyük investisiya və tükənməz sərvət olan insan kapitalına qənaət edilməməsi; işçilərin fəaliyyətinin vaxtında və düzgün istiqamətləndirilməməsi;  Mərkəzi Filialda işçilərin vəzifə və iş bölgüsünün düzgün və ədalətli şəkildə aparılmaması; demotivasiya və konflikt yaranması təhlükəsinin, eləcə də etik davranış qaydalarına əməl olunmaması hallarının mövcüd olması;  işçilərin iş yüklərinin aydın və şəffaf şəkildə ölçülməməsi və optimallaşdırılmaması;  ezamiyyə prosesində növbəlilik prinsipinə riayət olunmaması. • məlumatların sistemləşdirilməməsi və vahid ünvan bazasının olmaması səbəbindən müayinənin lazımi təyinat nöqtələrində həyata keçirilməməsi; müraciətlərin icrasında yubanmalara yol verilməsi. Problemin həlli Mövcud çətinlikləri aradan qaldırmaq üçün qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə aşağıda qeyd olunan məsələlərin həllini təmin edən və özündə intellektual plan generasiyasını ehtiva edən strategiyanın reallaşdırılmasına başlanıldı: • iş prosesinin effektivliyinin maksimum artırılmasına yönələn maşın idarəetmə metodları və alətlərindən istifadə edilməsi; • “insan mühiti”ndən “rəqəmsal mühit”ə keçidin təmin edilməsi: - mobil veb-tətbiq Fondun mərkəzləşdirilmiş e-sisteminin alt modulu kimi yaradılmış, onun IT siyasətinə və arxitekturasına uyğunlaşdırılmış və müayinə prosesi üçün zəruri olan bütün e-informasiya sistemlərinə inteqrasiya edilmişdir; - veb-tətbiq yerli qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsaslanaraq səfər planını avtomatik generasiya edir (müayinə aparacaq konkret işçini/işçiləri, konkret sürücünü, müayinə obyektinin yerləşdiyi ərazinin relyefi və iqlimi nəzərə alınmaqla konkret nəqliyyat vasitəsini, ölkədaxili GIS və GPS naviqasiya sisteminə uyğun ən optimal marşrutu (dəqiq müayinə ünvanını göstərməklə), hava şəraiti nəzərə alınmaqla səfərə sərf olunacaq ehtimal olunan müddəti, nahar və texniki fasilələrə ayrılan vaxtı, sürücünün bir oturuma işləmə müddətini, yola sərf olunacaq yanacağın həcmini və hətta səfər zamanı ehtimal oluna biləcək riskli halları özü müəyyən edir, video və fotoçəkilişlərin aparılmasını hər hansı insan müdaxiləsi olmadan özü tənzimləyərək həyata keçirir); - veb-tətbiq müayinə aparacaq işçinin/işçilərin və sürücünün ezamiyyə əmrini və ezamiyyə vərəqini HR (insan resursları) modulu ilə API üzərindən avtomatik məlumat mübadiləsi vasitəsilə özü generasiya edir; - veb-tətbiq işçinin/işçilərin və sürücünün ezamiyyə xərclərini maliyyə və mühasibatlıq bölməsi ilə API üzərindən avtomatik məlumat mübadiləsi vasitəsilə özü hesablayır; - veb-tətbiq müayinənin nəticəsinə dair qəbul edilmiş formaya uyğun müfəssəl hesabat tərtib edərək onlayn rejimdə onu VEMTAS-a ötürür; • birbaşa vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi: - mobil veb-tətbiq müəyyən edilmiş vaxtda ailənin təmsilçisinə müayinə ilə bağlı SMS bildiriş göndərir; • vətəndaş məmnuniyyətinə nail olunması: - veb-tətbiq vasitəsilə müayinəyə sərf olunan vaxtın optimallaşdırılması nəticəsində müraciət edən ailəyə dair qərarın verilməsi daha az vaxta hasil olur; - veb-tətbiq vasitəsilə subyektiv faktorlar daha tez aşkar edilir və qarşısı operativ alınır; - veb-tətbiq əvvəlki dövrlərdə ÜDSY verilməsindən imtina səbəblərini çevik araşdırır; • sistemləşdirilmiş, vahid məlumat bazasının yaradılması; • müayinə və ÜDSY-nin təyinatı prosesində beynəlxalq standart və tələblərə riayət olunması. Nail olunacaq hədəflər Hədəflər: • ÜDSY sisteminin əhatə dairəsinin düzgün müəyyən edilməsi və həssas qruplara dəqiq ünvanlanmasının təmin edilməsi; • rəqəmsal keçidlə bağlı effektiv və çevik avtomatlaşdırılmış infrastukturun yaradılması; • sosial yardım sistemində maddi-məişət şəraitinin təşkili və həyata keçirilməsində nəzarət, monitorinq və qiymətləndirmənin optimallaşdırılması; • sosial idarəçilik və nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması; • ÜDSY-nin təyinatı ilə bağlı Fondun xeyrinə qəbul edilmiş məhkəmə qərarlarının sayının artırılması; • Mərkəzi Filialın fəaliyyətinin beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılması.

Layihəni həyata keçirən təşkilatın adı:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu

Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır?:

Nəticələrin qiymətləndirilməsi 1. Müştəri məmnunluğu: - müştəri məmnunluğunun ölçülməsi mexanizmlərinin yaradılması; müştəri məmnunluğunun qorunması və saxlanılması üçün texniki bazanın təkmilləşdirilməsi; - yazılı şikayətlərin 35% azalması; 142 Çağrı Mərkəzinə və Fondun vətəndaş qəbulu mərkəzlərinə edilmiş şifahi şikayətlərin 42% azalması; - müayinənin həyata keçirilməsi üzrə müştəri məmnunluğunun 2021-ci il ilə müqayisədə 2022 və 2023-cü ilin ilk yarısında 22% artaraq 96,5% təşkil etməsi; - Mərkəzi Filialın fəaliyyətinin ISO 37001 (Rüşvətxorluğa qarşı idarəetmə sistemi) və ISO 10002 (Keyfiyyət menecmenti – Müstəri/vətəndaş məmnuniyyəti) beynəlxalq standartlarının tələblərinə tam uyğunluğun təmin edilməsi. 2. Maddi-məişət şəraitinin müayinəsinin təşkilində və idarəçilikdə nailiyyətlər: - ÜDSY-nin təyin olunması prosesində Mərkəzi Filialın iş yükünün 21% azalması; - iş prosesində “insan mühiti”ndən “rəqəmsal mühit”ə keçidin təmin edilməsi; - müayinənin təxirə salınmadan tam, hərtərəfli və obyektiv aparılması; aşkar edilmiş hər bir faktın (pozuntu halları, səbəblər və s.) operativ sənədləşdirilməsi; korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi; - məlumatların vahid bazada yığılması; məlumatların və əməliyyatların tarixçəsinin sistemləşdirilərək saxlanılması (loqlanması); - müayinənin qiymətləndirilməsi və elektron hesabatın aparılması məqsədilə xidmət prosedurunun fasiləsiz olaraq videoyazısının aparılması və onların saxlanılması; - veb-tətbiqə quraşdırılmış GIS və GPS naviqasiya sistemi vasitəsilə ünvan axtarışı məsələsinin avtomatlaşdırılaraq sadələşdirilməsi; lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısının alınması, eləcə də təyinat nöqtəsinədək ən sürətli və optimal marşrutun avtomatik müəyyən edilməsi; işçilərin ezamiyyə prosesində elektron növbə sisteminə keçidin təmin edilməsi; - avtorizasiya və identifikasiya məlumatlarının avtomatik şifrələnməsinin təmin edilməsi; - yüksək potensiallı işçi qüvvəsindən daha səmərəli istifadə edilməsi; yüksək əmək məhsuldarlığı; - Mərkəzi Filial və müayinəni həyata keçirən işçilər arasında birgə fəaliyyətin əlaqələndirilməsi; - ISO 9001 (Keyfiyyətin idarə edilməsi. Tələblər) və ISO 26000 (Sosial məsuliyyət haqqında təlimat) beynəlxalq standartlarının tələblərinə tam uyğunluğun təmin edilməsi. 3. Fəaliyyət istiqamətləri üzrə əldə edilmiş nailiyyətlər: - ölkə üzrə müayinələrin həyata keçirilməsində nail olunmuş operativlik və təxirəsalınmazlıq, eləcə də müayinələrin vahid mərkəzdən aparılması nəticəsində 2021-ci il ilə müqayisədə 2022-ci ildə ÜDSY üzrə 94% artımla 61421 sayda yeni təyinatın aparılması; - 2021-ci ildə ÜDSY-nin verilməsindən imtina edilmiş 10520 nəfər şəxsə 2022-ci il ərzində onların yenidən müraciəti əsasında operativ müayinədən sonra təyinatın aparılması; - 2022-ci ilin II yarısında 493,74 ABŞ dolları məbləğində vəsaitin (əvvəllər ÜDSY-nin düzgün hesabalanmaması nəticəsində yaranmış artıq vəsait) aztəminatlı ailələrin xeyrinə bərpa edilməsi; - aparılmış operativ və əsaslı müayinələr nəticəsində yeni ÜDSY təyinatları hesabına ÜDSY-nin orta aylıq məbləğinin 231,18 ABŞ dolları təşkil etməsi (2021-ci il ilə müqayisədə 36% artım). - 2022-ci ilin II yarısında 2021-ci ilin analoji dövrü ilə müqayisədə 80,5% daha çox müayinənin aparılması. 4. Məhkəmə mübahisələrində nailiyyətlər: - müayinə ilə bağlı Fondun əleyhinə qəbul edilmiş qərarların sayında beşqat azalma; - Fondun xeyrinə qəbul edilmiş qərarlarının sayının 63%-dən 92%-ə qalxması; - süni zəkanın yaratdığı imkanlardan (səs, fotoçəkiliş, videoyazı və s.) Fondun xeyrinə sübut kimi istifadə edilməsi. Öyrənilmiş dərslər Əsas uğur meyarları: • Strateji diqqət (strategic focus), inam və məmnuniyyət: - korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması; - vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi; - rəqəmsal keçidlə bağlı səmərəli və çevik infrastrukturun yaradılması; - sosial idarəçilik və nəzarət sistemlərində səmərəliliyinin əldə olunması; - daha çox şəxsin sosial yardımla əhatə olunması; - prosesin həyata keçirilməsində təkrarlığın aradan qaldırılması; - çevik və operativ innovativ texnologiyanın tətbiqi ilə əhalinin sosial təminat xidmətlərinə rahat çıxışının təmin edilməsi. • Xərclərə və vaxta nəzarətin gücləndirilməsi: - İKT infrastrukturundan istifadə etməklə iş prosesində vaxt itkisinin və əlavə xərclərin qarşısının alınması; - pul yardımının ünvanlığının, dəqiqliyinin və vaxtında əldə olunmasının təmin edilməsi; - əlavə xərclərin aradan qaldırılması ilə əlverişli və sağlam iş mühitinin yaradılması. • Məhkəmə mübahisələrinin effektiv həlli: - Fondun xeyrinə qəbul edilmiş məhkəmə qərarlarının sayının artması. Ehtimal olunan risklər və onların idarə edilməsi: • İnformasiya sisteminin təhlükəsizliyinin təmin edilməsində və konfidensial məlumatların mühafizəsində əlavə yük: - sistemin təhlükəsizliyinin, məlumatın konfidensiallığının, tamlığının, eləcə də əlçatanlığının qorunması məqsədilə müasir proqram təminatından istifadə edilməsi; - informasiya sisteminə yalnız gücləndirilmiş elektorn imza, identifikasiya və autentifikasiya vasitələri ilə girişin təmin edilməsi. • Peşəkar işçi heyətinin çatışmazlığı və kadr hazırlığı: - müsabiqə və ya müsahibə ilə ştat cədvəlinə uyğun yeni peşəkar işçilərin işə qəbulunun həyata keçirilməsi; - işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə onların əlavə təhsilə cəlb olunması; - işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlərə cəlb olunması; - işçilərin ədalətli rotasiyasının (onların planlı şəkildə yerdəyişməsi və ya vəzifə səlahiyyətlərinin dəyidirilməsinin) həyata keçirilməsi. • Rəqəmsal mühitə adaptasiya çətinlikləri: - əhalinin rəqəmsal transformasiyaya uyğunlaşdırılması məqsədilə müvafiq informativ xarakterli təlimlərin, söhbətlərin, sorğuların və s. təşkili; - dəyişikliklərin işçi heyəti arasında effektiv yayılmasının təmin edilməsi məqsədilə işçilərə münasibətdə fərdi yanaşma metodundan istifadə olunması, rəqəmsal bilik və bacarıqların artırılması üçün onların müxtəlif təlimlərə cəlb olunması.