Tiflo TV

Sosial Xidmətlər Agentliyi Nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Fəaliyyət istiqamətinə uyğun olaraq, sosial xidmət sahəsində dövlət sifarişlərini bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsini təşkil edir. 100-dən çox QHT və digər hüquqi və fiziki şəxslər ilə əməkdaşlıq edərək müxtəlif layihələr icra olunmuşdur. Agentliyin dövlət sifarişlərinin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinin həyatını asanlaşdırmaq və onlara keyfiyyətli sosial xidmətlər təqdim etmək olmuşdur. Həssas kateqoriyalardan olan şəxslər, xüsusən əilliyi olan uşaqlar əsas hədəf qruplarını təşkil etmişdir. Əlilliyi olan uşaqların cəmiyyətin tamhüquqlu üzvləri kimi formalaşması və sosial həyata inteqrasiyası müasir dövrdə dövlətin əsas sosial siyasət istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə, Agentlik yarandığı dövrdən etibarən sosial sifariş mexanizmlərindən istifadə etməklə əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya xidmətlərinin təşkilinə xüsusi diqqət yetirir. 2024-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Görmə imkanları məhdud şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində “Tiflo Tv” mobil tətbiqi yaradılmışdır. Tətbiqin yaradılmasında məqsəd görmə imkanları məhdud olan insanların maarifləndirmə imkanlarının asanlaşdırılması və cəmiyyətə inteqrasiyasına köməklik edilməsi, onların əyləncə və elmi biliklərinin artırılması istiqamətində innovativ təşəbbüsün həyata keçirilməsidir. Tətbiqdə həm bədii filmlər, həm də cizgi filmlər tiflo formatda olmaqla 215 tiflo film tətbiqə yerləşdirimişdir.

Sosial Xidmətlər Agentliyi yarandığı dövrdən ölkədə sosial müdafiənin daha da gücləndirilməsi üçün önəmli layihələr həyata keçirmişdir. Müasir dövrdə texnologiyaların sosial xidmətlərə inteqrasiyası cəmiyyətin həssas qruplarına daha əlçatan, effektiv və inklüziv dəstək mexanizmləri təqdim etməyə imkan verir. Bu baxımdan, Agentlik tərəfindən həyata keçirilən sosial sifarişlər çərçivəsində yaradılmış mobil tətbiqlər innovativ sosial yanaşmaların uğurlu nümunəsidir. Agentliyin müxtəlif illərdə icra etdiyi layihələr çərçivəsində hazırlanan mobil tətbiqlər bir sıra həssas əhali qruplarına – görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan uşaqlara, autizm və serebral iflic sindromlu uşaqlara, Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlilliyi olan uşaqların valideynlərinə yönəlib. “Tiflo TV” vasitəsilə filmlər və cizgi filmləri tanınmış aktyorlar tərəfindən səsli şəkildə səsləndirilir ki, görmə məhdudiyyəti olan şəxslər bu məzmunlardan dinləyərək faydalana bilsinlər. Görmə qabiliyyəti məhdud şəxslərin sosial inteqrasiyasını artırmaq, məzmunlara əlçatanlıq yaratmaq əsas nailiyyətlərindəndir. Bu layihələr çərçivəsində 10 000-dən çox vətəndaş sosial xidmətlərlə təmin edilmişdir. Sosial xidmətlər sahəsində bu qədər əhəmiyyətli işlərin görülməsi nəticəsində, hər bir layihə həm sosial mühitin, həm də fərdi həyatların dəyişməsinə səbəb olmuşdur. Məqsədimiz filmləri və cizgi filmlərini dinlənilə bilən formaya çevirmək, və bu məzmunları pulsuz şəkildə təqdim edərək görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək.