e-AHİK

“e-AHİK” layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən üzvlərin otel və sanatoriyalara yollayış prosesinin rəqəmsallaşdırılması məqsədilə yaradılmış innovativ platformadır. Əvvəllər müraciətlərin qəbulu, sənədlərin toplanması, yollayışların bölgüsü və ödəniş prosesi kağız üzərində və əl ilə aparıldığı halda, “e-AHİK” platforması bu mərhələlərin hamısını tam rəqəmsal mühitə keçirmişdir. Layihənin əsas məqsədi sanatoriya kurort yollayışların əldə olunmasında operativliyin, şəffaflığın və əlçatanlığı təmin etmək, həmçinin vətəndaşların vaxtına qənaət etməkdir. Sistem əvvəl təklif əsasında tələbin formalaşdığı model üzərində qurulmuşdusa, indi tələb əsaslı yanaşma tətbiq olunur – vətəndaşlar sistemə rəqəmsal giriş (digital login) vasitəsilə daxil olaraq, özlərinə uyğun otel və sanatoriya yollayışını sərbəst şəkildə seçə bilirlər. Bu layihə Azərbaycan turizm sektorunda ilk dəfə olaraq üç tərəfi – müraciət edən vətəndaşı, maliyyələşdirən həmkarlar təşkilatını və qəbul edən otel və sanatoriyaları – vahid rəqəmsal platformada birləşdirir. Layihə çərçivəsində: • Üzvlərin elektron bazası formalaşdırılıb; • Qeydiyyat və müraciət prosesi real vaxt rejimində həyata keçirilir; • Büdcənin idarə olunması rəqəmsallaşdırılıb və bütün ödənişlər yalnız onlayn formada həyata keçirilir. • Real vaxt rejimində hesabatlılıq təmin olunaraq maliyyə şəffaflığı tam şəkildə qorunur; • Hal-hazırda 82 tərəfdaş otel və istirahət mərkəzi sistemə inteqrasiya olunub; • Elektron vouçer və onlayn rezervasiya mexanizmləri tətbiq edilib. Beləliklə, “e-AHİK” platforması həm vətəndaşlar, həm həmkarlar təşkilatları, həm də turizm müəssisələri üçün effektiv, şəffaf və müasir idarəetmə ekosistemi yaradır.

“e-AHİK” platformasının tətbiqi nəticəsində həm vətəndaşlar, həm də turizm sektoru üçün mühüm sosial-iqtisadi nəticələr əldə olunmuşdur: • İndiyədək 39 400-dən çox vətəndaşa yollayış təmin edilmişdir; • Platforma 80-dən çox otel və sanatoriyanı özündə birləşdirərək ölkənin bütün iqtisadi regionlarını, o cümlədən Qarabağ bölgəsini də əhatə edir; • Yollayışların orta qiyməti 20%-dən çox azalmışdır, bu da adambaşına düşən istirahət xərclərinin azalmasına və daha geniş əhali qrupunun bu xidmətlərdən yararlanmasına şərait yaratmışdır; • Hazırda sistem 1 milyon 300 minədək əmək pensiyaçısını, 1 milyon 800 mindən çox sosial sığorta iştirakçısını və 1 milyon 34 mindən çox həmkarlar ittifaqı üzvünü əhatə edir. Bu göstəricilərdə əmək pensiyaçısıları və sosial sığorta iştirakçılarının ümumilikdə 3,1 milyon təşkil etdiyini nəzərə alsaq, bu layihə ailələri ilə birlikdə demək olar ki, 9 milyondan çox əhalini əhatə edir. Müalicə prosesinin zəruri xarakter daşıması, vətəndaşların sağlamlığının qorunması və sosial rifahının yüksəldilməsi baxımından müalicə məqsədli yollayışlara olan tələbatın artmasına səbəb olmuşdur. Bu istiqamətdə görülən işlər nəticəsində 11 889 nəfər vətəndaşa müalicə müəssisələrinə yollayışlar təqdim edilmişdir. Layihə çərçivəsində əməkdaşlıq edilən otellər və sanatoriyalar vasitəsilə ölkənin bütün iqtisadi regionlarında turizm və xidmət sektorunun canlanması təmin olunmuşdur. Yollayışların ümumi illik dəyəri ölkənin ÜDM-nin daxilində Turizm sektorunun illik gəlirinin təxminən 15%-ni təşkil edir ki, bu da ölkədə daxili turizmin inkişafına, rəqabətin artmasına və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. Beləliklə, “e-AHİK” layihəsi həm sosial təminat, həm də iqtisadi inkişaf baxımından ölkədə yeni, ədalətli, şəffaf və dayanıqlı rəqəmsal ekosistem formalaşdırmışdır.